“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı layihə üzrə təlimlərin ikinci mərhələsinə başlanılıb

Tarix: 15.02.2022
Paylaş:

2022-ci ilin fevral ayından etibarən ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı layihə üzrə təlimlərin ikinci mərhələsinə başlanılıb. Təlimlər əyani şəkildə Bakı şəhəri ilə yanaşı, ölkənin bütün şəhər və rayonlarında təşkil edilir. 

Qeyd edək ki, 2-ci mərhələ üzrə keçirilən təlimlər peşə təhsili müəssisələrində təşkil olunur. Peşəyönümü koordinatorlarına  əvvəlcə peşə təhsili müəssisələri, burada tədris olunan ixtisaslar, qəbul qaydaları barəsində ətraflı məlumat verilir, onların sualları cavablandırılır. Daha sonra onlar əyani olaraq müəssisə ilə, burada təşkil olunan təlim-tədris prosesi və iş mühiti ilə yaxından tanış olurlar. İştirakçılar müasir peşə təhsilinin əsas istiqamətləri olan elektronika, elektrotexnika, İKT, avtomatika, avtomobil, mexanika, inşaat, mebel, sənayedə quraşdırma və s. ilə bağlı məlumatlar əldə edirlər.

Eyni zamanda, təlimlərdə iştirakçılara peşəyönümü işinin təşkili, peşəyönümü fəaliyyətinin planlaşdırılması, karyera planlaşdırılmasına dair tövsiyələr barəsində də məlumatlar verilir.