Daimiləşmə müsabiqəsinə başlanılır

Tarix: 24.02.2022
Paylaş:

2021-2022-ci tədris ili üzrə MİQ müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunan namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir.

Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

Məlumat üçün bildirək ki, daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil alan, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilən şəxslər iştirak edə bilərlər.

Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.

Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər:

Sual-cavab: https://miq.edu.az/muqavile/faq-online

Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!