2021-ci ildə ARTİ tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra olunan “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində Bakı şəhəri və bölgələrdə seçilən 8 ümumi təhsil müəssisəsində təşkil edilən inklüziv siniflərdə monitorinqlərin aparılması davam etdirilir. Məqsəd inklüziv təhsilin təşkili səviyyəsini qiymətləndirmək və monitorinqin nəticələrinə əsasən müvafiq tədbirlər həyata keçirməkdir.
Monitorinqlər zamanı məktəbin infrastrukturunun əlilliyi olan şagirdlərin fiziki ehtiyaclarına uyğunluğu, məktəbin təhsildə inklüzivliyi təmin etmək üçün vacib olan ləvazimatlarla təchizatı yoxlanılıb. Bundan əlavə, inklüziv siniflərdə dərs prosesi müşahidə olunub, məktəb heyətinin və valideynlərin əlilliyi olan şagirdlərə və ümumilikdə əlilliyə münasibəti qiymətləndirilib. Layihə mentorları məktəblərdə inklüziv təhsil istiqamətində görülən işlərin effektivliyini artırmaq və çətinliklərin aradan qaldırılmasına köməklik etmək məqsədilə monitorinq zamanı aşkarlanan ehtiyaclara uyğun dəstək göstərməyə davam edirlər.