28 fevral 2022-ci il tarixində ARTİ rəhbərliyi Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
ARTİ-nin fəaliyyət istiqamətlərindən bəhs edən Rüfət Əzizov son illərdə təhsil sahəsində aparılan islahatların səmərəliliyini vurğulayıb. O, həmçinin beynəlxalq qiymətləndirmə sistemindəki nailiyyətlərdən danışıb, eləcə də son 3-4 ildə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edib. R. Əzizov MİQ müsabiqəsi və yerdəyişməsi, həmçinin sertifikasiya prosesində edilən dəyişikliklər mövzusuna da toxunub. Bundan başqa, dərsliklərlə bağlı müəyyən məsələlər müzakirə olunub.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova fəaliyyət göstərdiyi qurumun əsas işinin monitorinq aparmaq, təkliflər hazırlamaq, bir növ nəzarət funksiyası yerinə yetirmək olduğunu və ARTİ ilə müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüş zamanı hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyi qeyd olunub.
Sonda qarşılıqlı əlaqələrin daha da sıx olmasını təmin etmək üçün nümayəndələr ayrılıb və yaxın zamanlarda birgə fəaliyyət planının hazırlanması qərara alınıb.
Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, müavinləri Ənvər Abbasov və Aytən Zamanova, İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini Gülməmməd Məmmədov, İctimai Şuranın katibi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri Rüfət Əsədzadə, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı iştirak ediblər.