“Baku Skills” müsabiqəsi haqqında silsilə infosessiyalar keçirilib

Tarix: 03.03.2022
Paylaş:

“Baku Skills” müsabiqəsi haqqında tələbələri ətraflı məlumatlandırmaq və həvəsləndirmək üçün ARTİ və “STEAM Azərbaycan” layihəsi tərəfindən 3, 8 və 15 fevral 2022-ci il tarixlərində silsilə infosessiyalar keçirilib.

Sözügedən infosessiyalardan 20-dən çox ali təhsil müəssisəsindən 300-dən çox tələbə faydalanıb. 

İnfosessiyalar zamanı tələbələrə və ali təhsil müəssisələrinin nümayəndələrinə yarışmaya qeydiyyat proseduru haqqında ətraflı şəkildə məlumat verilib, həmçinin ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq. “Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və ARTİ-nin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur. 

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasından istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Sözügedən yarışmada iştirak etmək hüququnu qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən təmin olunacaq. 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

“Baku Skills” yarışmasına qeydiyyat prosesi isə artıq başa çatıb və qeydiyyat prosesini uğurla tamamlayan komandalarla yaxın günlərdə əlaqə saxlanılacaq.