Müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin qeydiyyat mərhələsi başa çatıb

Tarix: 09.03.2022
Paylaş:

1 mart tarixindən etibarən start verilən müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin elektron qeydiyyat mərhələsi başa çatıb.

2021-2022-ci tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olan namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə həyata keçirilən müsabiqənin elektron sənəd qəbulu 1-7 mart tarixlərini əhatə edib. Ümumilikdə 2717 namizəd qeydiyyatdan keçərək elektron ərizəsini tamamlayıb və müsabiqədə iştirak etmək üçün müraciət edib. Elektron ərizələrdə qeyd olunan məlumatlar yoxlanıldıqdan sonra müsabiqədə iştirak etmək imkanı qazanan namizədlərin şəxsi səhifəsinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək.

Qeyd edək ki, müsahibə mərhələsinin aprel ayı ərzində həyata keçirilməsi nəzərdə tutulub və müsahibə mövzuları ilə bağlı məlumat tezliklə elan ediləcək.    

Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq !