ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan və Şəki rayonunda həyata keçirilən “Mühəndislik düşərgəsi”nin üçüncü günündə fərqli sahədə çalışan mühəndislər və idarəçilər tələbələr üçün müxtəlif mövzulu təlimləri həyata keçirib.
ARTİ-nin direktoru Rüfət Əzizov tələbələrlə görüşündə “İnnovasiya strategiyası” adlı təqdimatla çıxış edərək dəyişikliyin sürəti, məzmunu və əhəmiyyəti, eyni zamanda idarəçinin yeni profili, idarəçilikdə dəyərlər və adaptasiya, dəyişikliyə qarşı immunitet, dəstəklənən dəyişiklik və s. mövzularını müzakirə edib. Daha sonra R.Əzizov çıxışını “Mühəndislikdə dizayn düşüncəsi” təqdimatı ilə davam etdirərək, dizayn təfəkkürü, dizayn təfəkkürünün hissələri, xəritəsi, xülasəsi, prioritet xəritəsi kimi bir çox mövzular haqqında məlumat verib.
Düşərgənin növbəti qonaqları Bakı Beynəlxalq Dəniz Ticarət limanı, Təlim mərkəzinin direktoru Orxan Adıgözəlov və aparıcı mütəxəssisi Nicat Şabanlı “Yükdaşımaların tarixi və onların növləri” mövzusunda çıxış ediblər və gəmilərin funksiyaları, tarixləri, növlərindən bəhs edərək Azərbaycanda olan gəmi və tankerlər haqqında məlumat veriblər.
Daha sonra “SABAH.lab” Akselerasiya mərkəzinin əməkdaşı Orxan Abbasov “Startapa necə başlamalı?” adlı təqdimat edib və tələbələrin ideyalarını, innovasiya potensiallarını dəyərləndirib.
Eyni zamanda tələbələrə istifadəçi səyahəti və kreativliyi nümayiş etdirmək mövzusunda tapşırıq verilib. Tələbələr komandalara bölünərək verilən tapşırığı yerinə yetirib və hazırladıqları məhsulun təqdimatını ediblər.
Asudə vaxt üçün nəzərdə tutulan zamanda kamp iştirakçılarının Şəki idman kompleksinə səfəri baş tutub. Eyni zamanda düşərgə daxilində müxtəlif komanda oyunları, yarışlar və müsabiqələr keçirilib.