TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinin keçirilməsinə başlanılıb

Tarix: 21.04.2022
Paylaş:

Azərbaycan TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edir. 20 aprel 2022-ci il tarixindən etibarən başlayan bu tədqiqat Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. 

TIMSS qiymətləndirməsi Azərbaycanda ilk dəfə olaraq kompüter əsaslı keçiriləcək. Bu qiymətləndirmə dövründə digər bir yenilik ondan ibarətdir ki, VIII sinif şagirdlərimiz də qiymətləndirməyə qatılacaqlar.

Respublika üzrə 30 məktəbin 39 sinfindən 945 nəfər IV sinif şagirdi və 30 məktəbin 57 sinfindən 1271 nəfər VIII sinif şagirdi qiymətləndirmədə iştirak üçün seçilib. Şagirdlər 2 hissədən ibarət (bilik testləri və sorğu) sessiyada iştirak edəcəklər. Eyni zamanda məktəb direktorları, müəllimlər və IV sinif şagirdlərinin valideynləri də sorğuya cəlb olunacaqlar.

Qiymətləndirmədə iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal sayda kompüterlə və internətə çıxışla təmin edilib. 

Məlumat üçün bildiririk ki, TIMSS (Trends in Mathematics and Science Study) – Riyaziyyat və elm üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və elm (fizika, kimya, biologiya, coğrafiya) üzrə biliklərini qiymətləndirmək məqsədilə IEA (Təhsil Nailiyyətlərinin qiymətləndirilməsi üçün beynəlxalq assosiasiya) tərəfindən hər 4 ildən bir təşkil olunur.

Qeyd edək ki, hazırda ölkəmiz iki beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edir: PISA və TIMSS.