Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzi 21 aprel tarixində Bakı Gənclər Mərkəzində “Demo Day” tədbiri keçirib.
Tədbirdə 20 komanda öz ideyasını təqdim edib. Onların arasında təhsil texnologiyaları, tibbi texnologiya, insan resursları platformaları, dron texnologiyaları, iş və təcrübə platformaları, NFT, kirayə xidmətləri servisi, işçilər üçün imtiyaz platforması kimi ideyalar mövcuddur.
Rüfət Əzizov tədbirdə çıxış edərək “SABAH.lab”ın fəaliyyətindən və ekosistemin inkişafından bəhs edib.
Rəhim Bayramlı ümumi startap ekosistemindən, eləcə də Paris İE Biznes Məktəbi və “SABAH.lab”ın birgə fəaliyyətindən danışıb. Yekunda çıxış edən Tal Katran akselerasiyaların startapların inkişafına göstərdiyi dəstəyindən bəhs edib.
Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, SABAH.lab Akselerasiya Mərkəzinin Baş İcraçı Direktoru Rəhim Bayramlı, İE Biznes Məktəbinin Vençur Laboratoriyasının direktoru Paris De l’Etraz və “SABAH.lab” Akselerasiya Mərkəzinin Məsləhət Şurasının Sədri Tal Katran çıxış edib.
Komandalarla şəbəkə və əlaqələri genişləndirmək üçün tədbirə həm yerli, həm də xarici investorlar cəlb olunub. Onların arasında “Technovate” MMC-nin təsisçisi və prezidenti Fərid İsmayılzadə, Çexiyadan “Zero Gravity Capital”ın investisiya professionalı Vit Hanus və “Reflex Capital”ın müşahidə şurasının üzvü Vladimira Jozefiova, Polşadan “Freya Capital”ın icraçı tərəfdaşı Hubert Anizevski, Avstraliyadan “8 Stones Ventures”un icraçı tərəfdaşı Peter Barrett iştirak edib.
Qeyd edək ki, rezident komandaların bir çoxu startaplarını daha da inkişaf etdirmək üçün 25000 AZN dəyərində investisiya əldə edib və iyul ayında baş tutacaq Vençur Gününə qədər öz startaplarını daha da inkişaf etdirmək şansı qazanıblar.