ARTİ tərəfindən “Süni intellekt və data elmi” təlim layihəsinin müsahibə mərhələsi baş tutub. Seçim imtahanında iştirak edən 226 namizəd arasından 66 nəfər daha yüksək göstəricilərinə görə müsahibə mərhələsinə dəvət olunub. Rəqabətli mühitdə keçən sonuncu mərhələdə layihənin hədəflərinə uyğun olan 40 nəfər namizəd seçilib.
“Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinin may ayının ilk həftəsində başlanması nəzərdə tutulur. Layihədə iştirak etmək hüququ qazanan şəxslər may, iyul və avqust aylarında yüksək ixtisaslı təlimçilər tərəfindən intensiv şəkildə nəzəri-praktiki təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr və yeni məzunlar bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcəklər və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.