“İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilib

Tarix: 28.04.2022
Paylaş:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ, BŞTİ-nin birgə təşkilatçılığı ilə təşkil olunan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilib. Konfrans 28 aprel 2022-ci il saat 10:30-da baş tutub.

 

Konfransda açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov İrəvan Müəllimlər Seminariyasının yaranma tarixindən söz açıb. O, qeyd edib ki, seminariya 37 il fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində müstəsna rolu olan görkəmli şəxsiyyətlər yetişdirmişdir. İrəvan Müəllimlər Seminariyası Azərbaycanın qərb bölgəsinin təhsilinin, mədəniyyətinin və pedaqoji fikrinin inkişafında mühüm rol oynamışdır. Firudin Qurbanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar imzaladığı sərəncamı Azərbaycanın tarixi irsinə və mədəniyyətinə verdiyi dəyərin nümunəsi kimi qiymətləndirib.

 

ARTİ-nin direktoru Rüfət Əzizov İrəvan Müəllimlər Seminariyasının əhəmiyyətini tarixi və müasirlik çərçivəsində olmaqla iki istiqamətə ayırıb. Birinci istiqamət həmin dövr üçün tələb olunan pedaqoji kadrların formalaşması və təhsil sisteminin inkişafını təmin etmək, ikinci istiqamət isə seminariyanın tarixini dərindən öyrənərək dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

 

Millət vəkili Əziz Ələkbərli seminariyanı bitirən ziyalı müəllimlərin Azərbaycan təhsilindəki xidmətlərindən söz açıb. O, İrəvanın tarixi Azərbaycan torpağı olduğunu vurğulayaraq tarix və mədəni irsimizə sahib çıxmağın zəruriliyindən, eləcə də gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb.

 

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva seminariyanın pedaqoji kadrların yetişdirilməsində verdiyi töhfələrdən bəhs edib, həmçinin Azərbaycan tarixinin kölgədə qalan tərəflərinin işıqlandırılmasının vacibliyini qeyd edib.

 

Daha sonra  AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev mövzu ilə əlaqədar olaraq çıxış ediblər. Vaqif Abbasov çıxışında seminariyanın məzunlarının Avropanın inkişaf etmiş ölkələrinin və Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirib, daha sonra Azərbaycana qayıdaraq ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın və digər sahələrin inkişaf etdirilməsində yaxından iştirak etdiklərindən danışıb. Anar Nağıyev öz növbəsində seminariyanı təhsil, pedaqoji fikir, maarifçilik və milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən biri kimi təqdim edib.

 

Konfrans müzakirə şəklində panellərlə davam edib. Birinci panel ARTİ-nin əməkdaşı Gülnar Tahirlinin moderatorluğu ilə “İrəvan Müəllimlər Seminariyası: tarixi gerçəklər müasirlik müstəvisində” mövzusunda keçirilib.

 

Paneldə ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədova iştirak edib.

 

Daha sonra ARTİ-nin əməkdaşı Bahar Bəylərovanın moderatorluğu ilə “İrəvan Müəllimlər Seminariyası: milli maarifçilik hərəkatının aparıcı qüvvəsi” mövzusunda müzakirələr davam edib .

 

İkinci paneldə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, filologiya elmləri doktoru,  professor Əsgər Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev çıxış edib.

 

Konfransda “İrəvan Müəllimlər Seminariyası” adlı video çarx, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış musiqi nömrələri təqdim olunub.

 

Tədbirdə ARTİ-nin, Təhsil Nazirliyinin, BŞTİ-nin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti, ümumtəhsil müəssisələrinin rəhbər heyəti və müəllimlər iştirak edib.