Yeni təyin olunmuş regional təhsil idarəsinin müdiri metodik iş sistemində yüksək pedaqoji təcrübəyə malik olan Elxan Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. Hazırda müdafiə mərhələsindədir.
Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik komminukasiya” fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib. 2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib.
2019-ci ildə Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncam”ına əsasən AMEA-da görülən tədbirlər çərçivəsində “Cəlil Məmmədquluzadə 150 il (məqalələr, esselər, müsahibələr, şeirlər)” kitabını nəşr etdirib. 2020-ci ildə “İlin gənc alimi” diplomuna layiq görülüb.
Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.
O, dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir.
E. Nəcəfov ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə məhsuldar iş fəaliyyəti nümayiş etdirib. Qısa müddət ərzində Azərbaycanın Respublikasının bütün rayonlarında Təhsil şöbələrinin əməkdaşları və metodistləri ilə yerində görüşlər keçirib. Əldə olunan məlumat və təhlillər əsasında Metodik kabinet əməkdaşlarının elektron bazasını formalaşdırıb.
Metodistlərin və müəllimlərin peşəkar bacarıqlarını artırmaq, həmçinin gənc müəllimlərdə metodiki bacarıqları inkişaf etdirmək məqsədilə proqramların və elektron resursların hazırlanmasında, müxtəlif təlimlərin təşkilində bilavasitə iştirak edib.
Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.
TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir.
İcra etdiyi bütün vəzifələrin öhdəsindən layiqincə gələn Elxan Nəcəfov əməkdaşlar və vətəndaşlarla iş zamanı yüksək kompetensiyaya malik olduğunu nümayiş edib.
Ailəlidir, iki övladı var.