“Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinin açılış mərasimi baş tutub

Tarix: 29.04.2022
Paylaş:

ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 29 aprel 2022-ci il tarixində “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək hazırda süni intellektə olan ehtiyacdan söz açıb, eləcə də müasir dövrdə texnologiyaların əksəriyyətinin süni intellektlə bağlı olduğunu qeyd edib. Data analitikasının əhəmiyyətindən danışan Firudin Qurbanov gələcəkdə uğurlu iş fəaliyyəti üçün süni intellektlə bağlı olan təlimlərin vacibliyini bildirib.

Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək bildirib ki, qeydiyyatdan keçən 608 nəfər tələbədən mərhələli şəkildə imtahan və müsahibələr nəticəsində 40 nəfər iştirak etmək hüququ qazanıb. Təlim layihəsinin vacibliyini qeyd edən Rüfət Əzizov hal-hazırda bu kimi innovativ layihələrin davam etdiyindən danışıb.

Layihədə təlimçi qismində iştirak edən EHİM-in direktorunun müşaviri və Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə təqdimat edərək müraciət edən tələbələr haqqında statistika, təlimin məqsədini qeyd edib. O, hal-hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu bildirib. Datanın müasir dövr üçün vacib resurslardan biri olduğunu vurğulayan Günay Kazımzadə datanın düzgün şəkildə istifadəsinin də dövlətlər üçün əsas prioritet olduğunu deyib. Sözügedən tədbirə ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova moderatorluq edib.

Qeyd edək ki, rəsmi hissədən sonra çay & kofe fasiləsi təşkil olunub.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehli, ARTİ-nin direktoru Rüfət Əzizov, təlimçi Günay Kazımzadə, ARTİ-nin İnnovasiya şöbəsinin əməkdaşları və təlimdə iştirak hüququ əldə edən tələbələr iştirak edib.