Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiyasiyası ilə şəbəkələşmə tədbiri keçirilib

Tarix: 04.05.2022
Paylaş:

“Kibertəhlükəsizlik” təlim layihəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiyasiyası (AKTA) ilə şəbəkələşmə tədbiri keçirilib.

Tədbirdə ARTİ-nin əməkdaşı Müşərrəf Məmmədova “Kibertəhlükəsizlik” təlim layihəsi haqqında ətraflı məlumat verib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov ARTİ tərəfindən həyata keçirilən layihələr haqqında danışıb, həmçinin ARTİ və AKTA arasında olan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

AKTA idarə heyətinin sədri Rahid Ələkbərli tədbir iştirakçılarına AKTA-nın hədəf və məqsədləri haqqında məlumat verib, layihənin məzun və tələbələrinin assosiasiyaya verəcəyi töhfələri vurğulayıb.

Daha sonra tədbirdə layihənin təlimçisi olan Miraqşin Abutalıbov layihədə istifadə olunan proqram və platformalar, tələbə nailiyyətləri haqqında danışıb.

Çıxışlar bitdikdən sonra tədbir interaktiv formatda davam edib. Xatırladaq ki, “Kibertəhlükəsizlik” təlim layihəsi 2019-cu ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir.

Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, AKTA idarə heyətinin sədri Rahid Ələkbərli, layihə komandası, layihənin tələbələri, Bakı Mühəndislik Universitetinin Kibertəhlükəsizlik və Bakı Dövlət Universitetindən Kompüter Elmləri və Texnologiyaları ixtisaslaşmalarının “Sabah Magistratura” qruplarının tələbələri iştirak edib.