ARTİ Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” üzrə SABAH Magistratura proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə start verib. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları tədarük zəncirlərinin (TZ) idarə olunması zamanı istifadə edilən riyazi metodlar, TZ-lərin dizayn edilməsi, onlarda keyfiyyət-performans göstəriciləri, tələbin proqnozlaşdırılması, istehsalın planlaması, anbar ehtiyatlarının idarə edilməsi, satınalma və beynəlxalq təchizat, maliyyə anlayışları və s. kimidir.
Təlimlərdə spiker qismində Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edir. Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) “Sənaye mühəndisliyi” ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetinin “Sənayenin idarə edilməsi” ixtisası, 2020-2021-ci illərdə isə Massaçusets Texnologiya İnstitutunun “Təchizat Zəncirlərinin İdarə Edilməsi” ixtisası üzrə təhsil alıb. O, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar, «Karbamid Zavodu» layihəsində konsultant, Nestle şirkətində azsaylı yerli mühəndislərdən biri kimi çalışıb. Daha sonra BASF şirkətinin Sumqayıt şəhəri üzrə istehsalat müdiri və Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis kimi də işləyib.
Təlimlərdən Azərbaycan Texniki Universitetinin “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi”, “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları”, “Beynəlxalq ticarət, logistika və marketinq”, “Mühəndis riyaziyyatı və süni intellekt” və s. kafedralarının əməkdaşlarının faydalanması nəzərdə tutulub.
Sonda təlimləri uğurla bitirən şəxslərə ARTİ tərəfindən sertifikat təqdim olunacaq.
Qeyd edək ki, 8 may tarixində başlayan təlimlər 8 həftə davam edəcək.