ARTİ Gürcüstan Respublikasının Qriqol Robakidze Universiteti ilə əməkdaşlığa başlayır

Tarix: 12.05.2022
Paylaş:

ARTİ Gürcüstan Respublikasının Qriqol Robakidze Universiteti ilə yeni əməkdaşlığa başlayıb. İki qurum arasındakı əməkdaşlığın məqsədi ali təhsil müəssisəsinin müasir tədqiqat metodları barədə maarifləndirilməsinə, həmçinin empirik tədqiqatlar sahəsində potensialının artırılması və imkanlarının gücləndirilməsinə dəstək olmaqdır.  Ali təhsil müəssisəsi tərəfindən tədqiqatçı yetişdirmək, kəmiyyət və keyfiyyət baxımından yüksək elmi tədqiqatlar aparmaq önəmlidir. Qeyd edilən sahədə potensialın artırılması və lazımi bilik və bacarıqların öyrədilməsi zəruridir. Bu məqsədlə, ARTİ tərəfindən adıçəkilən universitetin professor-tələbə heyəti üçün “Tədqiqat metodları” adlı virtual təlimlər keçirilir.    Silsilə şəklində davam edəcək təlimlər ilk öncə Qriqol Robakidze Universitetinin Hüquq, Dövlət İdarəçiliyi, Siyasi elmlər və Beynəlxalq münasibətlər kimi fakültələrinin professor heyəti və doktorant/dissertantlarından ibarət 20 nəfərlik qrup təşkil edilib. İlkin mərhələdə hədəf qrupun ehtiyac və tələblərinin müəyyənləşdirilməsi, təlim proqramının həmin ehtiyaclar əsasında tərtibi üçün iştirakçılar ilə tanışlıq görüşü keçirilib. Virtual təlimlər zamanı elmin və tədqiqatın əsas aspektləri, tədqiqat paradiqmaları, nəzəriyyə və sosial tədqiqatlar, sosial tədqiqat etikası və siyasəti, tədqiqat dizaynı, konseptuallaşdırma kimi mövzular tədris edilib.  Sözügedən təlimlər ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev tərəfindən aparılıb.  Qeyd edək ki, qurumlar arasındakı əməkdaşlığın növbəti mərhələlərində Qriqol Robakidze Universitetinin digər fakülətlərinin professor-tələbə heyəti üçün müvafiq təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə tədqiqatların aparılması planlaşdırılır.