ARTİ-nin təşkilatçılığı ilə ADPU-nun “SABAH Magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə təhsil alan tələbələri 21 may tarixində Şirvan STEAM Mərkəzinə təlim səfərində iştirak ediblər.
Təlim səfəri zamanı ilk öncə tələbələrə “STEAM Azərbaycan” layihəsinin tətbiqi, bu dövr ərzində görülmüş işlər, hədəf və inkişaf strategiyası haqqında geniş məlumat verillib. Həmçinin layihə çərçivəsində Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin nəzdində yaradılmış STEAM Mərkəzinin fəaliyyətinin ümumi prinsipləri, məqsədi və əldə olunan nəticələr barədə ətraflı danışılıb.
“Science” fəaliyyət zonasında avadanlıqlar və həyata keçirilə biləcək layihələr haqqında məlumat verilib. “Art” fəaliyyət sahəsində mövcud layihələrlə tanış olduqdan sonra tələbələr onlar vasitəsilə yaradıcı imkanların inkişafı barədə məlumat əldə ediblər. “Robotics zone”-da isə tələbələr müxtəlif robotların tətbiq sahələri barədə öyrəniblər. Təhsilalanlar CNC və 3D printerlər və onlar vasitəsilə hazırlanmış layihələrlə tanış olublar, eyni zamanda VR (Virtual Reality) texnologiyaların tədris prosesinə tətbiqi ilə bağlı məlumatlandırılıblar.
İştirakçıların ən çox marağına səbəb olan dron fəaliyyət zonasında müxtəlif dronlar və onların tətbiq sahələri haqqında məlumat verilib. Sonda dronların idarə olunması üzrə tələbələrlə praktiki fəaliyyət həyata keçirilib.