“Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində həyata keçirilən təlimlər

Tarix: 07.06.2022
Paylaş:

27 sentyabr –10 noyabr 2020-ci il tarixində baş verən Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyasından təsirlənən əhali arasında ən həssas kateqoriyaya uşaq və yeniyetmələr daxil idi. Böhran vəziyyəti və fövqəladə hallarda yaşanan stresli hadisələrin psixoloji təsirinin həllində və uşaqlara ilkin psixososial dəstək göstərilməsində məktəb kontekstinin və məktəb əsaslı proqramların əhəmiyyətli və müvəffəqiyyətli olduğunu nəzərə alaraq, təsirə məruz qalmış ərazilərdə məktəblərin psixoloji dəstək xidmətləri sahəsindəki potensialının artırılmasına çalışılıb.

Bu məqsədlə, 9 keçmiş cəbhəyanı bölgədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllimləri “Əsas sosial-emosional bacarıqların inkişafı” adlı ixtisasartırma təlim proqramına cəlb olunub. Təlimlər vasitəsilə müəllimlər uşaq və yeniyetməyə münaqişədən sonrakı şəraitdə stres və narahatlıqla daha yaxşı mübarizə aparmaq, təməl və praktik psixoloji dəstək vermək, şagirdlərdə şəxsiyyətdaxili və şəxsiyyətlərarası emosional bacarıqları inkişaf etdirmək, dəstəkləyici sinif mühiti yaratmaq üçün lazımi bilik və bacarıqlara yiyələniblər. 

Eyni zamanda, həmin bölgələrin məktəb psixoloqları “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım bacarıqları” adlı ixtisasartırma təlimində iştirak ediblər. Bu təlimlərin köməyilə məktəb psixoloqları uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların aradan qaldırılması yönündə şagird, müəllim və valideynlərlə aparmalı olduqları maarifləndirmə, profilaktika, psixodiaqnostika, korreksiya, reabilitasiya işlərinin təşkili sahəsində bacarıqlarını formalaşdıraraq ilkin psixoloji yardım göstərmə qabiliyyətlərini gücləndiriblər. 

Qeyd edək ki, sözügedən fəaliyyətlər ARTİ tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində həyata keçirilib.