ARTİ MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir

Tarix: 09.06.2022
Paylaş:

Budəfəki seminar 7 iyun tarixində 240 nömrəli tam orta məktəbdə keçirilib və riyaziyyat fənni üzrə imtahanlara hazırlaşan şəxsləri əhatə edib. 

Seminarda əvvəlcə Təhsil Nazirliyinin “Dərs vaxtı” layihəsinin iştirakçısı, FRİTL-in riyaziyyat müəllimi Elgün Əliyev riyaziyyat fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verib, eyni zamanda riyaziyyat ixtisası üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə seminar iştirakçılarını tanış edib.

Ardınca “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, “Tərəqqi” medallı, ARTİ MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova riyaziyyat fənni üzrə imtahana salınacaq fənyönümlü metodika sualları ilə bağlı iştirakçılara məlumat verib.

Daha sonra “İlin müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı, Bakı şəhəri 14 saylı tam orta məktəbin riyaziyyat müəllimi Fəxriyyə İbrahimova və 313 saylı tam orta məktəbin riyaziyyat müəllimi Nəcəf Bayramov əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələrini təqdim ediblər və onların qısa və uzun həll yolları ilə bağlı izahatlar veriblər. Eyni zamanda təqdim olunan nümunələr əsasında həmin sualların hansı bilik və bacarıqların ölçülməsinə əsaslandığını diqqətə çatdırıblar.

Qeyd edək ki, müəllim və müəllimliyə namizəd şəxslərə dəstək məqsədilə mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.