Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

Tarix: 13.06.2022
Paylaş:

Cari tədris ilində riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə müvafiq beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib.

Belə ki, 6-16 iyul tarixlərində Norveçdə təşkil ediləcək Beynəlxalq Riyaziyyat Olimpiadasına seçmə imtahan Bakı Modern Təhsil Kompleksində keçirilib. Seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olmuş şagirdlər dəvət ediliblər. 2 gün keçirilən seçmə imtahanları, yoxlama və koordinasiya prosesi yekunlaşıb və ölkəmizi təmsil edəcək komanda üzvləri artıq məlumdur. 

28 iyun–3 iyul tarixlərində Bosniyada keçiriləcək yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın müəyyənləşdirilməsi üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseydə seçmə imtahan keçirilib. Seçmə imtahana cari tədris ilində riyaziyyat fənnindən aşağı yaş qrupu üzrə qalib olan şagirdlər dəvət ediliblər.

7-15 avqust 2022-ci il tarixlərində İndoneziyada Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək. Ölkəmizi təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə 11-12 iyun 2022-ci il tarixlərində ADA Universitetində 2 seçmə imtahan keçirilib.

10-18 iyul 2022-ci il tarixlərində kimya fənni üzrə Çində keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçimi üçün 11 iyul 2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində seçmə imtahan təşkil edilib.  

10-18 iyul 2022-ci il tarixlərində Belarusda təşkil ediləcək Beynəlxalq Fizika Olimpiadasında ölkəmizi təmsil edəcək 5 nəfər şagirdin müəyyənləşdirilməsi məqsədilə 2 seçmə imtahan ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində keçirilib. İmtahan, yoxlama və yazı işlərinin münsiflər heyətinin iştirakı ilə müzakirəsi prosesi yekunlaşıb və komandanın tərkibi artıq məlumdur.

Komandalarımıza beynəlxalq olimpiadalarda uğurlar arzulayırıq!