ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarları davam edir

Tarix: 14.06.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarları davam edir.

9 iyun tarixində 51 nömrəli tam orta məktəbdə riyaziyyat, 10 iyun tarixində isə 35 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib. 

Seminar zamanı 51 nömrəli məktəbin riyaziyyat müəllimi Elnarə Babayeva V sinif dərsliyində olan “Mümkün hallar, əlverişli hallar” mövzusu üzrə dərs icmalı təqdim edib. Müəllimin təqdim etdiyi icmal əsasında yəqin, mümkün olmayan və təsadüfi hadisələrin fərqləndirilməsi, mümkün və əlverişli halların təyin olunması, dərs zamanı istifadə olunan texnikalar, tapşırıq formaları, şagirdlərin qiymətləndirilməsi üçün müəllimin istifadə etdiyi formativ qiymətləndirmə üsulu kimi məsələlər ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr dinlənilib.

35 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Məmmədova isə VI sinif dərsliyində olan “Cümlənin qrammatik əsası, mübtəda və onun ifadə vasitələri” mövzusunda icmal təqdim edib. İcmal əsasında cümlədə mübtədanın ifadə vasitələrini müəyyənləşdirmək, leksik və qrammatik mənalarına görə sözlərin adlandırılması, qrup tapşırıqlarının hazırlanması, fəndaxili inteqrasiya məsələləri ilə bağlı müzakirələr aparılıb.