22 iyun tarixində ARTİ-nin təşkilatçılığı ilə Bakı Avropa Liseyində “VII Məktəblilərarası fənn müsabiqələri” qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərimizin əldə etdikləri uğurların ölkənin gələcək inkişafında olan rolundan danışıb. F. Qurbanov şagirdləri təbrik edərək onlara növbəti müsabiqələrdə uğurlar arzulayıb.
Daha sonra Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Respublika Fənn Müsabiqələrinin keçirilmə məqsədi və nəticələrin təhlilləri barədə məlumat verib.
ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək Respublika fənn müsabiqələri qaliblərinə uğurlar arzu edib. O, şagirdlərin gələcək karyeralarında müvəffəqiyyət qazanmaları üçün olimpiadalarda iştirakın mühümlüyünü qeyd edib.
Tədbirdə müsabiqə haqqında hazırlanan video çarx və müxtəlif musiqi nömrələri təqdim olunub.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, ARTİ-nin direktoru Rüfət Əzizov, Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, adıçəkilən qurumların əməkdaşları, şagirdlər və valideynlər iştirak ediblər.
Yekunda müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Məktəblilərarası fənn müsabiqələrinin qalibləri gələn tədris ilindən etibarən müvafiq fənlər üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.