tehsilim.edu.az sərbəst öyrənmə portalında 5 e-kurs istifadəyə verilib

Tarix: 08.07.2022
Paylaş:

Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib.

Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.

16-20 iyun 2022-ci il tarixlərində e-kurslara qeydiyyat aparılıb. Qeydiyyatdan keçmək üçün müraciət edənlərə xüsusi bir tələb qoyulmayıb, belə ki, müxtəlif kateqoriyalardan olan şəxslərə e-kurslardan faydalanmaq imkanı verilib.

Qeyd edək ki, 21 iyun tarixindən e-kurslar istifadəyə verilib. E-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanan modullar əsasında aparılır. Qeydiyyatdan keçən şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub.

Hər bir e-kursa qeydiyyatdan keçən tələbələrin sayı aşağıdakı kimidir:

Tədqiqat metodologiyası, təcrübə və layihələr – 351 nəfər

Sahibkarlıq təhsili və startaplar – 312 nəfər

Elmi işlərin yazılması və nəşri – 308 nəfər

Verilənlərin toplanması, təhlili və idarə edilməsi – 241 nəfər

Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma – 87 nəfər

Sözügedən e-kursların avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur. E-kursları müvəffəqiyyətlə bitirən şəxslərə ARTİ tərəfindən sertifikat təqdim olunacaq.