“SABAH.lab”ın məqsədi və fəaliyyət istiqaməti

Tarix: 14.07.2022
Paylaş:

“SABAH.lab” Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən startap akselerasiya mərkəzidir. 

Mərkəzin əsas məqsədi startap ekosistemini inkişaf etdirərək iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməkdir. Artıq 1 ilə yaxındır ki, “SABAH.lab” bu məqsədə çatmaq üçün əzmlə çalışır. “SABAH.lab”ın digər rəsmi tərəfdaşı İspaniyanın və ümumilikdə Avropanın ən nüfuzlu biznes məktəbi olan IE Biznes Məktəbidir.

Yanvar ayından bugünə kimi “SABAH.lab” 2 proqram: “Yarat” və “Sürət” proqramlarını icra edib. 

“Yarat” proqramı ideyaların və komandaların sıfırdan yaranaraq onların startap kimi formalaşmasında yardımçı olub. 

“Sürət” proqramı isə hazır startapları daha da inkişaf etdirərək yatırıma yönümlü hala gəlməsində şərait yaradıb. Statistikaya nəzər yetirsək, ümumilikdə proqramlar üçün 200-dən çox komanda, 400-dən çox fərdi müraciətlər qəbul olunub. Proqrama qəbul olunan şəxslər toplam 21 komanda şəklində formalaşıb. 

Startapların yaranıb inkişaf etməsində “SABAH.lab” rezidentləri startap təhsili, yerli və beynəlxalq ekspertlərdən ibarət mentor dəstəyi, hər komandaya 25.000 AZN dəyərində investisiya, yerli və beynəlxalq investorlar şəbəkəsinə çıxış, hüquqi, maliyyə, satış, marketinq sahələrində dəstək və digər üstünlüklərlə təmin edib.

Startap təhsili üçün hər həftəsonu “SABAH.lab” ofisinə IE Biznes Məktəbi, Harvard, Stenford, MİT, UC Berkeley kimi nüfuzlu universitetlərdən tanınmış professorlar dəvət olunur. 

Həmçinin yerli və qlobal ekosistemin zəngin təcrübəyə sahib tanınmış üzvləri də rezident komandalara mentorluq edərək onların inkişafında dəstək göstərir. 

Qeyd edək ki, bugünə kimi keçirilən görüşlər 200 saatı ötüb.

Aprel ayının 21-də “SABAH.lab” Akselerasiya Mərkəzi rezidentlərinə öz ideyalarını həm “SABAH.lab”ın İdarə Heyəti, həm də investorlar qarşısında təqdim etməsi üçün “Demo Day” tədbiri həyata keçirib. İnvestorlar arasında həm yerli həm də əcnəbi investorlar yer alıb. Tədbirdən sonra rezidentlərin 18-i investisiya əldə edib.

Bütün bunlardan əlavə “SABAH.lab” nüfuzlu əməkdaşlıqlara imza atıb.

Bunların arasında İslam Əməkdaşlığı Gənclər Formunun Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC), ATL Academy, Takeoff və Technovate yer alır. Bu əməkdaşlıqlar əsasında “SABAH.lab”in bəzi rezidentləri Kazanda keçirilən startap sammitində çıxış edib, regionun ən böyük innovasiyalar tədbiri olan “Teknofest”in icma tərəfdaşı olub və “Technovate” ilə birgə “Technovate-SABAH Mələk İnvestorlar Klubu” yaradılıb.

“SABAH.lab”ın digər tərəfdaşı isə ABŞ-da fəaliyyət göstərən, vençur kapital fondu olan “Starta VC”dir. “Starta VC” ilkin mərhələdə olan startapları inkişafında yardımçı olur, onları investisiya ilə təmin edir. “SABAH.lab” rezidentləri “Starta VC”nin təmin etdiyi əlaqələrdən olduqca yararlanıb. Burada “Starta VC”nin əməkdaşı Qüdrət Quliyevin xüsusi rolu var.


İyul ayında “SABAH.lab” ölkənin ən böyük innovasiyalar tədbirinə imza atmağa hazırlaşır. Beləliklə, 18 iyul tarixində “SABAH.lab” “Kapital Bank”ın baş sponsorluğu ilə “Baku Investment Day – Baku ID” tədbirini həyata keçirəcək. Tədbirin digər sponsorları arasında BP, Qala Sığorta, Qala Həyat yer alır. 

“Baku ID” tədbirində həm güclü, yerli startaplar çıxış edəcək, həm də ekosistemin ən fəal üzvləri ilə innovasiyalar ekosisteminin gələcəyi müzakirə ediləcək. Bu tədbirdə “SABAH.lab” rezidentlərindən əlavə olaraq digər yerli startaplar da çıxış edəcək və investisiya almaq şansı əldə edəcəklər. Həmçinin yerli və beynəlxalq investorlar tədbirə dəvət olunaraq ilkin mərhələdə olan startaplara yatırım etmək şansı qazanacaqlar. 

Nəzərinizə çatdıraq ki, tədbir startap ekosisteminin digər üzvlərinə və bu ekosistemin bir üzvü olmaq istəyən hər kəsə açıq olacaq və burada hər kəs bu şəbəkəyə qoşulmaq imkanı qazanacaq.