MİQ test imtahanlarının izlənilməsi məqsədilə AzTU-nun idman kompleksinə infotur təşkil edilib

Tarix: 15.07.2022
Paylaş:

MİQ test imtahanlarının izlənilməsi məqsədilə 15 iyul tarixində AzTU-nun idman kompleksinə infotur təşkil edilib.

İnfoturda təhsil nazirinin müavini Muxtar Məmmədov, millət vəkilləri, ARTİ-nin rəhbər heyəti və media nümayəndələri iştirak ediblər. Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

Təhsil nazirinin müavini Muxtar Məmmədov infotur iştirakçılarına cari ildə müəllimlərin işə qəbulu prosesində tətbiq edilən yeniliklər barədə məlumat verib. Nazir müavini bildirib ki, müəllim tədris etdiyi fənn üzrə yaxşı biliyə malik olmalı və biliyini şagirdlərə düzgün çatdırmağı bacarmalıdır. Test imtahanı suallarının canlı yayımda təhlilinə toxunan nazir müavini bu prosesin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra təhsilverənlərin sertifikasiya prosesindən danışan Muxtar Məmmədov müəllimlərin bu yöndə məlumatlandırılmasının vacibliyini vurğulayıb, prosesin əsas məqsədinin müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsindən ibarət olduğunu deyib. 

İnfoturda iştirak edən millət vəkilləri də öz növbəsində təhsil sahəsində aparılan yeniliklərdən, cəmiyyətdə müəllim peşəsinin nüfuzundan danışıblar. Həmçinin təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən söz açılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə toxunulub.

Qeyd edək ki, iyulun 14-dən start verilən MİQ imtahanları bu ayın 22-dək davam edəcək. MİQ üzrə müsabiqənin test imtahanı mərhələsində 54 745 namizədin iştirakı planlaşdırılır. Müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək.

İmtahanların 2-ci günündə Azərbaycan dili və ədəbiyyat fənni üzrə ümumilikdə 9257 nəfərin imtahanlarda iştirakı gözlənilir.