28 avqust-3 sentyabr tarixlərində Rumıniyada Yeniyetmələrin Balkan İnformatika Olimpiadası (JBOİ 2022) keçirilib.
Sözügedən yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq məktəblilərimiz uğurlu nəticəyə imza ataraq 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev qızıl medal, “Ankara məktəbi “ məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev bürünc medal, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Şahin Ələkbərli həvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar.