BMTƏF və Aİ-nin dəstəyi ilə həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirilib

Tarix: 15.09.2022
Paylaş:

BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində ARTİ tərəfindən ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin edən müvafiq təlim proqramları tərtib olunub və həmin proqramlar əsasında məktəblərdə genderə həssas öyrənmə mühiti yaratmaq məqsədilə peşəkar təlimçilər hazırlanıb.

Məktəblərdə istifadə olunan dərs vəsaitlərində gender bərabərliyinə nail olunması və şagirdlərdə genderə həssas yanaşmanın formalaşdırılması məqsədilə mütəxəssislər tərəfindən dərslik müəllifləri və nəşriyyat evlərinin nümayəndələri üçün ixtisasartırma proqramı hazırlanıb. İxtisasartırma proqramı əsasən tədris-təlim materiallarında gender yanaşmasının tətbiqi yollarına fokuslanaraq gender anlayışları, strategiyalar, qiymətləndirmə, gender bərabərsizliyinin təhlili modelləri, eləcə də dərsliklərdə lazımi dəyişikliklərin edilməsi üçün üsul və alətləri əhatə edir. Bununla dərslik komplektlərinin hazırlanmasında gender bərabərliyi yanaşmasının təşviqinin təmin edilməsi hədəflənir. Sözügedən proqrama əsaslanaraq, ümumi təhsil pilləsi üçün gender baxımından məqbul məzmun yaratma bacarığının artırılması və gender bərabərliyi yanaşmasına və strategiyalarına yiyələndirilməsi məqsədilə 100 dərslik müəllifi və aidiyyatı şəxslərin təlimatlandırılması planlaşdırılır.

Eyni zamanda, tədris-təlim prosesi zamanı gender bərabərliyinin təmin edilməsi istiqamətində müəllimlərin mühüm rola malik olduğunu nəzərə alaraq, onların bu sahədə səriştələrinin və potensiallarının artırılmasına yönəlik ixtisasartırma proqramı hazırlanıb. Sözügedən proqramda təhsildə, məktəbdə və sinifdə gender bərabərliyi, həmçinin sinifdə inkişafetdirici, dəstəkləyici, eləcə də sağlam və təhlükəsiz mühitin təşkilində gender aspektinin nəzərə alınması, şagirdlərin dərs və dərsdənkənar fəaliyyətlərində gender bərabərliyini dəstəkləyən pedaqoji strategiyaların tətbiqi, o cümlədən qiymətləndirmədə gender bərabərliyinin qorunması kimi həssas mövzular əks olunub. Adıçəkilən ixtisasartırma proqramının hazırlanmasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB) mütəxəssisləri ilə əməkdaşlıq edilib. Proqram üzrə həyata keçiriləcək təlimlərdə 3000-dən artıq müəllimin iştirakı nəzərdə tutulur.

Nəzərdə tutulan hədəf auditoriyalarına müvafiq təlimlərin keçirilməsi üçün ARTİ tərəfindən peşəkar təlimçi qrupları formalaşdırılıb. Təlimçi qruplarının hazırlanması məqsədilə 15 akademik saatlıq təlimçilərin təlimləri (ToT) təşkil olunub. Sahə üzrə mütəxəssislərin apardığı bu təlimlərdə gender, gender əsaslı ayrı-seçkilik, gender stereotipləri, ölkədə gender bərabərliyi  ilə bağlı cari vəziyyət, o cümlədən təhsildə və təhsil vasitəsi ilə gender bərabərliyinin qorunması kimi mövzular müzakirə edilib. Təlimlər zamanı müdavimlər mövzularla bağlı yeni biliklər qazanmaqla yanaşı, təlimçi bacarıqlarını təkmilləşdiriblər. 

Qeyd etmək lazımdır ki, “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.