Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2022-ci il üçün Fəaliyyət Planına uyğun olaraq “İnnovativ Məktəb” layihəsi çərçivəsində keçirilən təlimdə Bakı şəhəri, eləcə də regionlarda yerləşən məktəblərin rəhbərliyi və müəllim heyəti iştirak edib.
“ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olub.
Böyük əksəriyyəti praktiki tapşırıqlar və interaktiv müzakirələrlə keçən təlimlər zamanı iştirakçılara bacarıqların mənimsənilməsini təşviq edən xüsusi proqramlar hazırlanması, tədris metodologiyaları, layihə əsaslı öyrənmə, XXI əsr bacarıqlarının tədrisi və digər mövzularda seminarlar keçirilib. Təlimin sonunda iştirakçılar komandalara bölünərək öyrəndikləri metodologiyalar əsasında hazırladıqları innovativ dərs planlarını təqdim edib və təlimlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sözügedən təlim paketi cari ilin 7-9 iyun tarixlərində “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssislərinin Azərbaycana səfəri çərçivəsində edilmiş məktəblərə ziyarətləri, eləcə də məktəb direktorları və müəllim heyəti ilə görüşlər və aparılmış tədqiqat məqsədli sorğular əsasında hazırlanıb. “İnnovativ Məktəb” layihəsi çərçivəsində təlimlərin ikinci mərhələsinin noyabr ayında İsraildə keçirilməsi gözlənilir.