Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

Tarix: 26.09.2022
Paylaş:

19-25 sentyabr 2022-ci il tarixlərində informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasında Azərbaycan məktəbliləri də çıxış ediblər.

Məktəblilərimiz olimpiadaya A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə onlayn formatda qoşulublar. Qaydalara əsasən olimpiada bir praktiki tur və 2 əsas turdan ibarət olaraq keçirilib. Yekun nəticələrə əsasən  Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal qazanıblar.