“Refleksiv müəllim” layihəsi üzrə Azərbaycan dili fənnindən seminar keçirilib

Tarix: 27.09.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən 26 sentyabr tarixində “Refleksiv müəllim” layihəsi üzrə Azərbaycan dili fənnindən seminar keçirilib. 

227 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Abdullayeva 8-ci sinif dərsliyində olan “Ana dili” mövzusu üzrə dərs icmalı təqdim edib.

Təqdim olunan icmal əsasında dərsin motivasiya mərhələsi, tədqiqatın aparılması mərhələsinin mahiyyəti, məzmun standartı ilə məqsəd arasında əlaqə, inteqrasiya olunan standartların müvafiqliyi, iş üsullarının seçilməsi, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçılar irad və təkliflərini bildiriblər. Sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb. 

Seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək; müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq; konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək; istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, «ideal dərs» anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir. 

Qeyd edək ki, yeni tədris ilindən MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarlar keçirilir.