Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı ARTİ tərəfindən istifadəyə verilmiş 5 e-kurs başa çatıb.
Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və ARTİ tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.
Qeyd edək ki, 16-20 iyun 2022-ci il tarixlərində e-kurslara qeydiyyat aparılıb. Tələbələrin qeydiyyatı onlayn qaydada tehsilim.edu.az sərbəst öyrənmə portalı üzərindən həyata keçirilib. 21 iyun tarixindən isə e-kurslar istifadəyə verilib. E-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsi ilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında təşkil olunub. Qeydiyyatdan keçən şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub. 29 avqust 2022-ci il tarixində sözügedən e-kurslar başa çatıb. Ümumilikdə, 5 e-kursdan 88 nəfər imtahanlardan uğurla keçərək məzun olub. Tələbələrin qiymətləndirilməsi hər bölməyə aid testlər, açıq suallar və onlayn müzakirələrdə iştiraka əsasən aparılıb.
Sözügedən e-kursların okyabr ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulur. E-kursları növbəti mərhələsinin başlaması ilə bağlı ARTİ-nin rəsmi səhifələri vasitəsilə ictimaiyyətə əlavə məlumat veriləcək.