1 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində “İnnovasiya və strateji liderlik” (Tədqiqat meneceri) təliminin infosessiyası keçirilib.
ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva infosessiyanı açıq elan edərək, təlim haqqında tələbələrə ətraflı məlumat verib. O, təlimin sonunda təhsilalanların genişlənən bazarları və sənaye sahələrini qiymətləndirə biləcəklərini, həmin sahələr üzrə təhlil etmə və onlara təsir edə bilmək üçün konsepsiyaları öyrənərək müvafiq alətlərdən istifadə edə biləcəklərini, nəzəri, texniki biliklərini mövcud dövrün tələblərinə uyğunlaşdıraraq real iş dünyası problemlərini müəyyən edə və innovativ həll yolları hazırlaya biləcəklərini vurğulayıb.
Daha sonra ARTİ-nin direktoru və sözügedən təlim üzrə təlimçi Rüfət Əzizov 4 moduldan (“İnnovasiya strategiyası”, “Dizayn düşüncə”, “Hərtərəfli (əhatəli) düşünmə”, “Sistem düşüncə və strateji lider”) ibarət olan bu təlimin hər modulu 18 saatdan ibarət olmaqla, ümumilikdə 72 saatdan ibarət olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, tələbələrin təlimin məzmununu daha yaxşı mənimsəyə bilmələri üçün təlim prosesi boyunca müxtəlif dünya brendlərindən nümunələr təqdim olunması, o cümlədən, hər modulun sonunda praktik tapşırıq və xüsusi dəvət olunmuş qonağın çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.