ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.
3 oktyabr tarixində Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə kimya fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin kimya müəllimi Fərqanə Babayeva 9-cu sinif dərsliyində olan “Metalların icmalı, təbiətdə tapılması və alınması” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda əvvəlcə “Refleksiv müəllim” layihəsinin əsas şüarlarından olan “Müzakirə mövzusu müəllim deyil, onun hazırladığı dərsdir” şüarı və qaydalar iştirakçılara xatırladılıb. Sonra isə seminarın formatına uyğun olaraq müəllim 15 dəqiqə ərzində hazırladığı icmalın təqdimatını edib. İcmal dinlənildikdən sonra əvvəlcə refleksiv suallar verilib, ardınca isə iştirakçılar dərs haqqında əsaslandırılmış şərh və təkliflərini bildiriblər.
Müzakirə əsasında məzmun standartı ilə məqsəd arasında əlaqə, refleksiyanın necə aparılması, fəaliyyət və resursların müvafiqliyi, dərsin planlaşdırılması, metodik vəsait və dərsliklə iş, qiymətləndirmə meyarları, formativ qiymətləndirmənin üsul və vasitələri, onun məqsəddən asılılığı və beyin həmləsinin mahiyyəti kimi məsələlərə diqqət yetirilib.
Qeyd edək ki, seminarın keçirildiyi 101 nömrəli tam orta məktəbin müəllimləri ilə yanaşı, ərazi baxımından həmin məktəbin yaxınlığında yerləşən 89, 136, 85 və 114 nömrəli məktəblərin kimya fənnini tədris edən müəllimləri də seminarda iştirak ediblər.