“Refleksiv müəllim” layihəsi üzrə təbiət fənnindən seminar təşkil edilib

Tarix: 17.10.2022
Paylaş:

ARTİ  MDPİM tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.

13 oktyabr tarixində Müşfiq Orucov adına 213 nömrəli məktəb-liseydə təşkil edilən seminarda məktəbin biologiya müəllimi Aygül Orucova 5-ci sinif “Təbiət” dərsliyində olan “Biz necə hərəkət edirik” mövzusu üzrə dərs icmalı təqdim edib.

Seminarın formatına uyğun olaraq təqdimatçı əvvəlcə dərsin mərhələləri, onun inteqrasiyası, standartların reallaşdırılması prosesindən, qiymətləndirmə meyarları və tapşırıqlardan bəhs edib. Sonra iştirakçılar dərsin uğurlu tərəflərini sadalayıb, təkliflərini bildiriblər. Dərs zamanı şagird tapşırıqlarının verilməsində təlimatın düzgün izahı, dərsin motivasiya və problemin qoyulması mərhələləri, formativ qiymətləndirmə məsələləri ətrafında müzakirələr aparılıb. 

Tədqiqat sualının dərsin məqsədinə uyğunluğu və  tapşırıqların tədqiqat xarakterli olması məsələləri də seminarda daha çox müzakirə edilən məsələlərdən olub. 

Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.  

Qeyd edək ki, seminarın keçirildiyi 213 nömrəli tam orta məktəbin müəllimləri ilə yanaşı, ərazi baxımından həmin məktəbin yaxınlığında yerləşən 104, 146 və 155 nömrəli məktəblərin biologiya və təbiət fənlərini tədris edən müəllimləri də seminarda iştirak ediblər.