Qaydalarla bağlı ictimai müzakirə keçirilib

Tarix: 25.10.2022
Paylaş:

Oktyabrın 25-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ)  Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi keçirilib.                                        

Görüşdə Elm və Təhsil Nazirliyinin, ARTİ-nin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, Daxili İşlər Nazirliyinin, UNICEF-in, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, QHT nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və digər qonaqlar iştirak ediblər.

Şagirdlərin davranışı, fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı haqqında keçirilən müzakirədə iştirakçıların rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb, mövcud suallar cavablandırılıb.

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da  davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakına və şəxsi əşyalara qayğı, etik davranış və digər məsələlər yer alıb.