Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı

Tarix: 07.11.2022
Paylaş:

Azərbaycan TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edib.

Qiymətləndirmə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu aprel-may aylarında həyata keçirilib.

TIMSS qiymətləndirməsi Azərbaycanda 2022-ci ildə ilk dəfə olaraq kompüter əsaslı keçirilib. Bu qiymətləndirmə dövründə digər bir yenilik ondan ibarət olub ki, 8-ci sinif şagirdlərimiz də qiymətləndirməyə qatılıblar. Respublika üzrə 30 məktəbin 39 sinfindən 1000 nəfərə yaxın 4-cü sinif şagirdi və 30 məktəbin 57 sinfindən 12oo nəfərdən çox 8-ci sinif şagirdi qiymətləndirmədə iştirak üçün seçilib. Şagirdlər 2 hissədən ibarət (bilik testləri və sorğu) sessiyada iştirak ediblər. Eyni zamanda məktəb direktorları, müəllimlər və 4-cü sinif şagirdlərinin valideynləri də sorğuya cəlb olunub.

Qiymətləndirmədə iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal sayda kompüterlə və internətə çıxışla təmin edilib.

Məlumat üçün bildirək ki, TIMSS (Trends in Mathematics and Science Study) – Riyaziyyat və elm üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm (fizika, kimya, biologiya, coğrafiya) üzrə biliklərini qiymətləndirmək məqsədilə IEA (Təhsil Nailiyyətlərinin qiymətləndirilməsi üçün beynəlxalq assosiasiya) tərəfindən hər 4 ildən bir təşkil olunur.

 

Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib.

Qiymətləndirmə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən aprel-iyun aylarında həyata keçirilib.

Ötən il sınaq mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı şəhərinin 178 ümumtəhsil müəssisəsindən 7912 nəfər 15 yaşlı şagird iştirak edib. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilib.

Qeyd edək ki, ölkəmizdə PISA tədqiqatı 2018-ci ildən kompüter əsaslı şəkildə həyata keçirilir.

PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.

 

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında (ICILS) iştirak edib.

Qiymətləndirmə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən may-iyun aylarında həyata keçirilib.

Respublika üzrə 28 məktəbin 41 sinfindən 844 nəfər VIII sinif şagirdi tədqiqatda iştirak edib. Şagirdlər 2 hissədən (bilik testləri və sorğu) ibarət sessiyada iştirak edəcəklər. Məktəb direktorları və müəllimlər arasında da sorğu aparılacaq.

Tədqiqatda iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal kompüterlə və internətə çıxışla təmin edilib.

ICILS VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, onların rəqəmsal düşüncə tərzi və bacarıqları arasındakı fərqləri ölçür. Tədqiqat şagirdlərin XXI əsrdə uğurlu olması üçün zəruri hesab edilən kompüter və informasiya savadlılığı üzrə müqayisəli məlumatlarla ölkələri təmin edir. Əldə edilən məlumatlar ümumi təhsil müəssisələrin texnologiyadan istifadə səviyyəsini anlamağa və şagirdlərin rəqəmsal bacarıqlarındakı irəliləyişini izləməyə imkan verir.

 

Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhəsində iştirak edib.

Pilot mərhələnin əsas məqsədi tədqiqatın sınaq mərhələsində istifadə olunacaq sualların respondentlər tərəfindən anlaşıla bilən olub-olmadığını yoxlamaqdır. Martın 10-u və 11-də təşkil edilən pilot mərhələdə 21 məktəb üzrə 7 məktəb rəhbəri və 14 müəllim respondent olaraq iştirak edib.

TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi 2023-cü ildə, əsas mərhələsi isə 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, TALIS (The Teaching and Learning International Survey) – Təlim və Tədris üzrə Beynəlxalq Tədqiqat 55-ə yaxın ölkədə keçirilməklə, müəllimlərin və direktorların əldə etdikləri professional inkişafları, tədrisə dair baxışları, təcrübələri, həmçinin onların işinin qiymətləndirilməsi kimi məsələlərə toxunmaq məqsədilə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (Organisation for Economic Co-operation and Development) və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 5 ildən bir keçirilir.