Hal-hazırda Təhsil İnstitutunun mütəxəssisləri Sinqapurun Alston Təhsil şirkəti ilə fizika fənni üzrə məzmunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edir. VII-XI sinif fizika üzrə təkmilləşdirilən fənn məzmununun ilkin variantı Bakı məktəblərində çalışan qabaqcıl fizika müəllimlərinin müzakirəsinə təqdim olunub.
Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov giriş sözü ilə çıxış edərək kurikulumun təkmilləşdirilməsi prosesindən danışıb. Daha sonra kurikulum işçi qrupu üzvü Yalçın İslamzadə fizika fənni məzmununun təkmilləşdirilməsinə təsir edən faktorlar, edilən ixtisarlar və əlavələr barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub.
Müzakirə zamanı həyat bilgisi və təbiət fənnində fizika üzrə elmi bazanın verilməsinin, məzmunun horizontal və vertikal uyğunluğunun gözlənilməsinin vacibliyi müəllimlər tərəfindən rəğbətlə qarşılanıb. Müəllimlər praktikalarında ağır hesab etdikləri məzmunun sadələşdirilməsindən, müasir texnologiyaların misalında bəzi konsepsiyaların əlavə edilməsindən tərəfdar olublar.