“Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda dəyirmi masa

Tarix: 24.11.2022
Paylaş:

17 noyabr tarixində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda dəyirmi masa keçirilib. Aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova spiker qismində, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva isə təqdimat ilə çıxış edib.

Nailə Ömərova genderə həssas təhsil sisteminin yaradılması istiqamətində ARTİ-nin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirdiyi layihələrə toxunaraq, BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə icra olunan “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində görülən işlər və gələcək hədəflər barədə məlumat verib. Bundan başqa, İlahə Tağıyeva tədris-təlim prosesi zamanı gender bərabərliyinin təmin edilməsi istiqamətində müəllimlərin səriştələrinin və potensiallarının artırılması məqsədilə ARTİ tərəfindən hazırlanan ixtisasartırma proqramını təqdim edib.

Dəyirmi masaya moderatorluq edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov sosial həyatın bütün istiqamətlərində, xüsusilə də təhsil sahəsində gender bərabərliyinin təmin olunmasının mühüm əhəmiyyət daşıdığına diqqət çəkərək, təhsildə genderə həssas mühitin yaradılması və bu sahədə görülməli işlər barədə müzakirəni təşkil edib. Müzakirədə aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələri tərəfindən maraqlı təkliflər səsləndirilib.