XXV Respublika Elmi Konfransının (NASCO XXV) bağlanış mərasimi keçirilib

Tarix: 24.11.2022
Paylaş:

24 noyabr tarixində Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə doktorant və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının (NASCO XXV) bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində elmi  konfransın gedişatı və dinlənilən elmi tədqiqat işlərinə dair yekun müzakirələr aparılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov ölkədə keyfiyyətli tədqiqatların aparılması üçün şəraitin yaradılması, mövcud problemlərin həll olunması ətrafında fikirlər səsləndirib. 

Bakı Ali Neft Məktəbinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Günay Əliyeva çıxışında doktorant və gənc tədqiqatçıların İKT bilikləri və təqdimat bacarıqlarının artırılması istiqamətində daha fəal çalışmalarını tövsiyə edib. Konfransın təşkilat komitəsinin elmi katibi, ARTİ-nin İnnovasiya şöbəsinin müdiri Abutab Abbasova NASCO XXV-in  bağlanış mərasimində  bölmələr haqqında statistikanı konfrans iştirakçılarının  diqqətinə təqdim edib.

Pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov 2 gün ərzində olduqca aktual problemlərə həsr olunan elmi-tədqiqatların nəticələri və  bölmə iclaslarında ciddi müzakirələrin aparıldığını qeyd edib.

ARTİ-nin elmi katibi, Pedaqogika elmləri doktoru, professor Akif Abbasov,  Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri , Psixologiya elmləri doktoru Elxan Bəylərov bölmələrdə səsləndirilən tezislər haqqında rəylər və gələcəkdə diqqət edilməsi zəruri olan nüanslar haqqında məlumat veriblər.

NASCO XXV bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən doktorant və gənc tədqiqatçılara öz tövsiyələri ilə yanaşı təşəkkürlərini bildiriblər.