ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir

Tarix: 08.12.2022
Paylaş:

6 dekabr tarixində 51 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənni üzrə seminar keçirilib. Məktəbin müəllimi İlhamə Muradovanın təqdim etdiyi icmal 5-ci sinif dərsliyində olan “Dəyirmi masa cəngavərləri” mövzusu üzrə olub. Seminar zamanı daha səmərəli təlim metodundan istifadə etməklə arzuolunan təlim nəticəsinə çatmaq, dərsdə istifadə olunan iş üsulları və formaları, tapşırıqların məqsədəmüvafiqliyi, formativ qiymətləndirmə məsələləri ətrafında müzakirələr aparılıb. 

7 dekabr tarixində 38 nömrəli tam orta məktəbdə keçirilən seminarda isə məktəbin ibtidai sinif müəllimi Aysel Rəşidova 4-cü sinif Azərbaycan dili dərsliyində olan “Əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin fərqi” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsdə vaxt bölgüsünün aparılması, qruplar üçün tapşırıqlar hazırlanarkən onların qrup işinə müvafiqliyi, müəllimin fasilitasiyası, tapşırıqların təqdimolunma formaları və diferensial təlim məsələləri müzakirə edilib.

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, 51 və 38 nömrəli məktəblər ARTİ MDPİM tərəfindən MİP-in tətbiq edildiyi məktəblər sırasındadır.