“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” layihəsi üzrə əsas göstəricilər

Tarix: 13.12.2022
Paylaş:

Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstəyin verilməsi, inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərdə kadr potensialının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə ARTİ tərəfindən son illər ərzində əhəmiyyətli işlər görülüb.

2022-ci ildə həyata keçirilən “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə 10 region üzrə 22 məktəbin 83 inklüziv sinfində təhsil alan 160 əlilliyi olan şagirdi əhatə edir. Bildirmək lazımdır ki, həmin inklüziv siniflərdə ümumilikdə 430 müəllim dərs deyir.

Sözügedən layihə çərçivəsində əlilliyi olan şagirdlərin seçimində psixoloji-tibbi-pedaqoji komissiyalara dəstək olmaq üçün onlarla görüş və təlimlər təşkil olunub. Eyni zamanda, məktəblərdə inklüziya mədəniyyətini formalaşdırmaq məqsədilə pedaqoji və inzibati heyət, o cümlədən inklüziv siniflərin şagird və valideynləri ilə maarifləndirici görüşlər keçirilib. Bundan əlavə, inklüziv siniflərdə səmərəli tədris-təlim prosesini təşkil etmək və müəllimlərin lazımi səriştəliliklərini artırmaq üçün pedaqoji heyət (müəllimlər, korreksiyaedici pedaqoqlar və psixoloqlar) inklüziv təhsil sahəsində ixtisasartırma təlimlərinə cəlb olunub, həmçinin mentorluq və Fərdi Təlim Planları üzrə dəstək alıblar.

İnklüziv təhsil uşaqların akademik və sosial bilik və bacarıqlara yiyələnərək gələcəkdə özünü cəmiyyətdə reallaşdıra bilməsi üçün önəmlidir. ARTİ-nin bu sahədə fəaliyyətləri 2023-cü ildə də davam edəcək.