ARTİ-də Vidadi Xəlilovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Tarix: 26.12.2022
Paylaş:

ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin böyük elmi məsləhətçisi Vidadi Xəlilovun 80 illik yubileyi münasibətilə 26 dekabr 2022-ci il tarixində tədbir təşkil olunub.

Tədbiri açıq elan edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbir iştirakçılarını salamlayaraq Vidadi Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib və onun yaradıcılığı, keçdiyi həyat yolu, eləcə də milli təhsilin inkişafına verdiyi töhfələrdən danışıb.

Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur.

1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-2014-cü illərdə Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Bununla yanaşı, professor Vidadi Xəlilov estetika, estetik tərbiyə musiqi, təsviri incəsənət üzrə 40 adda monoqrafiya, proqram və dərsliyin, 200-dən çox məqalənin müəllifidir.

Sonda çıxış edən Vidadi Xəlilov öz növbəsində tədbirin təşkilatçılığına görə təşəkkürünü ifadə edib.

Pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi, akademik Mehdi Mehdizadə mükafatı laureatı Vidadi Xəlilovu anadan olmasının 80 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və daha böyük yaradıcılıq uğurları arzulayırıq.