ARTİ MDPİM tərəfindən məktəb psixoloqları ilə görüş təşkil edilib

Tarix: 29.12.2022
Paylaş:

29 dekabr tarixində keçirilən görüşdə 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin psixoloqları iştirak ediblər. 

Görüşün keçirilməsində əsas məqsəd qeyd edilən ümumi təhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq sağlam sosial-emosional mühitin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında psixoloq fəaliyyətini daha da artırmaqdır.

Görüş iştirakçıları “Psixoloq işinin təşkili” barədə təqdimatlar nümayiş etdiriblər. Nümayiş əsasında psixoloqların hazırki fəaliyyətləri, işlərində yaranan problemlər, dəstəyə ehtiyac duyulan sahələr və bununla əlaqədar təkliflər müzakirə edilib. Təqdimatların müzakirəsində uşaq və yeniyetmə psixiatrı Dr. Ramil Hüseynzadə iştirak edib və məktəb psixoloqlarına fəaliyyətləri ilə bağlı konstruktiv rəy verib.

Görüşdə məktəb psixoloqları ilə birgə məktəblərdə şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, məktəbdaxili bullinq (qısnama), mobbinq və digər istiqamətlərdə sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər planlaşdırılıb. Eyni zamanda psixoloqların fəaliyyət planları yoxlanılıb və onların psixoloji işin təşkilinə dair hesabatları dinlənilib.

Qeyd edək ki, metodik dəstək göstərilən məktəblərdə mütəmadi olaraq psixoloqlarla seminar tipli görüşlərin keçirilməsi nəzərdə tutulur.

.