British Council/Britaniya Şurasının Onlayn Müəllim İcması (OTC) Platforması vasitəsilə peşəkar inkişaf proqramı həyata keçirilir

Tarix: 11.01.2023
Paylaş:

Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə müəllimlərin peşəkar inkişafını dəstəkləyən British Council/Britaniya Şurasının Onlayn Müəllim İcması (OTC) Platforması vasitəsilə peşəkar inkişaf proqramı həyata keçirilir.

Qeyd edək ki, proqram ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş 42 akademik saatlıq davamlı peşəkar inkişaf (DPİ) proqramıdır.

“Future English Onlayn Müəllim İcması” proqramı Britaniya Şurasının Onlayn Müəllim İcması (OTC) Platforması vasitəsilə 2021-ci ilin oktyabr ayından etibarən həyata keçirilir. Proqram ikinci qrup müəllimlər üçün 2022-ci ilin yanvar ayında, üçüncü qrup müəllimlər üçün oktyabr ayında keçirilmişdir. Növbəti 4-cü qrup müəllimləri üçün proqramın keçirilməsi 2023-cü ildə nəzərdə tutulur. Proqramın iştirakçıları ingilis dilinin tədrisi üzrə mövzuların araşdırılmasına və təcrübədə tətbiq edilməsinə istiqamətlənmiş beş müstəqil modul üzrə təlim fəaliyyətlərində, forum müzakirələrində, canlı görüşlərdə və müntəzəm keçirilən vebinarlarda iştirak edəcək. İştirakçılar eyni zamanda refleksiya jurnalları hazırlayıb idarə edəcəklər.

Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:

Giriş – Bərabərlik, Müxtəliflik və İnklüzivlik

Modul 1 – Peşəkar inkişafda iştirak: reflektiv müəllim

Modul 2 – Şagirdləri tanımaq: təlim strategiyalarını anlamaq

Modul 3 – Öyrənmənin qiymətləndirilməsi: öyrənmə üçün qiymətləndirmənin nə olduğunu anlamaq

Modul 4 – Dərsin planlaşdırılması

Modul 5 – Xüsusi təhsil ehtiyacları, inklüziv təcrübələrdən istifadə edilməsi: inklüziv öyrənmə yanaşmalarının başa düşülməsi

Müəllimlərin peşəkar inkişafını dəstəkləyən bu platformadan indiyədək 1-ci qrup üzrə 1000 müəllim, 2-ci və 3-cü qrup üzrə 2000 müəllim cəlb olunmuşdur. Qeyd edək ki, növbəti təlimlərdə iştirak etmək istəyən ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün yüksək İT bacarıqlarına və B1-B2 dil bilik səviyyəsinə malik olmaq əsas meyarlardır.