Tehsilim.edu.az sərbəst öyrənmə portalında istifadəyə verilən 5 e-kursun növbəti mərhələsi başa çatıb

Tarix: 11.01.2023
Paylaş:

Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı ARTİ tərəfindən istifadəyə verilmiş 5 e-kursun növbəti mərhələsi başa çatıb.

Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” e-kursları daxildir.

12-21 oktyabr 2022-ci il tarixlərində e-kurslara qeydiyyat aparılıb. 24 oktyabr 2022-ci il tarixindən isə e-kurslar istifadəyə verilib. Sözügedən e-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsi ilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında təşkil olunub. Bu mərhələdə e-kurslardan faydalanmaq üçün 1380 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədi ilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub. 28 dekabr 2022-ci il tarixində sözügedən e-kurslar başa çatıb. Ümumilikdə, 5 e-kursdan 105 nəfər imtahanlardan uğurla keçərək məzun olub. Tələbələrin qiymətləndirilməsi isə hər bölməyə aid testlər, açıq suallar və onlayn müzakirələrdə iştiraka əsasən aparılıb.