Abzasın strukturu

Tarix: 24.01.2023
Paylaş:

Abzas mətn vahidi olaraq bir bütöv təşkil etdiyi üçün müəyyən bir struktura malikdir. Abzasda məlumatların strukturlaşdırılması mətnin tərtibində olduğu kimi aparılır. Abzas da mətn kimi üç hissədən – giriş, əsas hissə və yekun cümlədən ibarətdir.

Abzasın tərtibinin müxtəlif üsulları var. Müəllif  məqsədinə uyğun olaraq abzası təhkiyə, təsvir, proses, səciyyələndirmə, arqumentləşdirmə üsulları ilə tərtib edə bilər.

Yuxarıdakılardan öz ritorik məqsədimiz üçün illüstrasiya üsulunu seçək. Biz arqumentləşdirməyə əsaslanan illüstrativ abzasın tərtibinin beşmərhələli prosesini izləyəcəyik. Hər bir addımın izahı var və nümunə göstərmək olar. Bizim nümunəmiz piraniyalar haqqında insanların yalnış təsəvvürlərinə həsr olunmuşdur.

Addım 1. Əsas fikri müəyyən edin və tematik cümləni qurun.

Abzasa hazırlıq əsas fikrin müəyyənləşdirilməsi və formalaşdırılmasından başlayır. Bu fikir abzasın davamını istiqamətləndirir. Abzasın tərtibi, adətən, tematik cümlə ilə başlayır. Bəzi vəziyyətlərdə abzasda əsas fikri ifadə etmək üçün bizə birdən artıq cümlə lazım ola bilər.

Əsas fikir və tematik cümlə: Piraniyaların, əsasən, zərərsiz olmalarına baxmayaraq, çoxları onların insan həyatı üçün təhlükəli olması mifinə inanmaqda davam edirlər.

Addım 2. Əsas fikrin ifadəsi

Abzas  məsələnin məğzini aydınlaşdıran əsas fikrin ifadə edilməsi ilə davam etdirilir. Bizim nümunəmiz mifin yayılmasının mümkün izahından ibarətdir.

Dəqiqləşdirmə: Bu təəssürat piraniyalar haqqında məşhur KİV-lərdə  yanlış təsvirlər nəticəsində dərinləşir.

Addım 3. Nümunə (və ya bir sıra nümunələr) gətirin.

Abzasın inkişafı öncəki cümlədə göstərilmş sübutu dəstəkləmək üçün nümunələrlə davam etdirilir.

Nümunə: Məsələn, 1978-ci ildə “Piraniyalar” adlı dəhşət filminin reklam plakatında xəbərsiz qadının ayağından dişləməyə hazırlaşan böyük bir piraniya təsvir edilmişdir.

Addım 4. Nümunəni izah edin.

Hər bir nümunənin izahı və onun tematik cümlə ilə əlaqəsinin şərhi abzasın inkişafına xidmət edir. İzahımız abzasda əsas hökmün dəstəklənməsi üçün sübutun dəyərini nümayiş etdirməlidir.

Nümunələr gətirməkdə davam edilməli və bütün nümunələrin izahı verilməlidir. Heç bir nümunə şərhsiz qalmamalıdır. Nümunənin mövzu ilə əlaqəsini həm nümunə cümləsində, həm də ayrıca bir cümlə şəklində izah etmək olar.

Nümunənin şərhi: Belə dəhşətli təqdimat güclü təəssürat və əsassız qorxu yaradır.

Beşaddımlı prosesdə nümunələri və onların şərhini zəruri sayda verməyə diqqət edilməlidir. Bu addımın məğzi abzasın əsas ideyasının tam açılmasına qədər şablondan istifadə etməkdir. 

Addım 5. Abzasın ideyasının inkişafını yekunlaşdırın və növbəti abzasa keçin.

Abzasın yekun cümləsi mövzuya açıq fikirlərin bağlanmasına xidmət edir. Bu mərhələdə informasiyanın geniş bir məqalə mövzusu üçün aktuallığı qeyd edildikdən sonra nümunə gətirilə bilər və yaxud birbaşa növbəti abzasa keçmək olar.

Abzasın yekunu üçün nümunə: Adamyeyən piraniya obrazı macəra hekayələrinə dramatiklik verirsə də, onların real piraniyalarla bənzərliyi azdır. Təxəyyüldən çox faktlara diqqət verməklə insanlar yanlış təsəvvürlərdən azad ola bilərlər.

Tamamlanmış abzas:

Piraniyaların, əsasən, zərərsiz olmalarına baxmayaraq, çoxları onların insan həyatı üçün təhlükəli olması mifinə inanmaqda davam edirlər. Bu təəssürat piraniyalar haqqında məşhur KİV-lərdə yanlış təsvirlər nəticəsində dərinləşir. 1978-ci ildə “Piraniyalar” adlı dəhşət filminin reklam plakatında xəbərsiz qadının ayağından dişləməyə hazırlaşan böyük bir piraniya təsvir edilmişdir. Belə dəhşətli təqdimat güclü təəssürat və əsassız qorxu yaradır. Adamyeyən piraniya obrazı macəra hekayələrinə dramatiklik verirsə də, onların real piraniyalarla bənzərliyi azdır. Təxəyyüldən çox faktlara diqqət verməklə insanlar yanlış təsəvvürlərdən azad ola bilərlər.

 

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

ARTİ MDPİM, Əlavə təhsilin məzmunu şəbəsinin müdiri

İstifadə olunan mənbə: “Paragraph Development”. The Writing Center, University of North Carolina at Chapel Hill.  https: //writingcenter.unc.edu/tips-and-tools/paragraphs/