ARTİ MDPİM tərəfindən 66 pilot məktəbin direktor müavinləri üçün keçirilən təlimlər davam edir

Tarix: 31.01.2023
Paylaş:

Sözügedən təlimlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsaslanır və “Regionlarda   müasir metodik xidmətin təşkili” layihəsi üzrə müəyyənləşdirilmiş 66 pilot məktəbin direktor müavinləri üçün keçirilir. 

26-31 yanvar tarixlərində təşkil edilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrinin idarə heyətinin metodik xidmət göstərmək üçün səriştəliliyinin artırılmasıdır.  

Təlimin ilk günü ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva təlim iştirakçıları ilə görüşərək müasir metodik xidmətin tələbləri haqqında danışıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb. 

Təlim müddətində iştirakçılar KSQ-lər zamanı qiymətləndirmə vasitələrinin tərtib edilməsi, dərsdinləmələrdə effektiv və konstruktiv rəyin verilməsi, şagirdyönümlü təlim prosesinin təşkili, səmərəli təlim strategiyalarının seçilməsi, tətbiqi, gündəlik planlaşdırma nümunələrinin tərtib edilməsi barədə müzakirələr aparıb və praktik işlər görüblər.   

Eyni zamanda, iştirakçılar  real dərslər üzərində dərsdinləmə prosesinin aparılması, dərsdinləmə meyarlarının müəyyən edilməsi və təlim prosesinin effektiv təşkili  ilə bağlı praktik məşğələlərdə də iştirak ediblər.  

Qeyd edək ki, sözügedən məktəblərdə monitorinqlərin aparılması və  prosesə cəlb olunan əməkdaşların adıçəkilən mövzular üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.