“Azercell Telekom” MMC Gənclər günü münasibətilə gənc istedadlıları təltif edib

Tarix: 03.02.2023
Paylaş:

“Azercell Telekom” MMC Gənclər günündə Beynəlxalq İnformatika Olimpiadasının qalibləri, layihə rəhbəri və müəllimləri ilə görüş keçirib. Tədbirdə Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkil olunması sektorunun müdiri Fuad Qarayev, ARTİ-nin əməkdaşları iştirak ediblər. Görüşdə məktəblilər sertifikat və dəyərli hədiyyələrlə təltif ediliblər.

Artıq 4 ildir ki, Beynəlxalq İnformatika Olimipiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” və ARTİ arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Avropa Qızlar İnformatika Olimpiadası, Asian Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautikov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 2 qızıl, 12 gümüş və 34 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər.

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi təşkil olunur. Artıq 2 ildir ki, təşkil olunan müsabiqədə 1000-ə yaxın şagird iştirak edib və müsabiqə öz bəhrəsini verməkdədir. Belə ki, müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar.