İnfo Cup proqramlaşdırma müsabiqəsində məktəblilərimiz uğurla çıxış etdi!

Tarix: 09.02.2023
Paylaş:

1-9 fevral 2023-cü il tarixlərində Rumıniyada onlayn formatda məktəblilərin VII “İnfo cup” proqramlaşdırma müsabiqəsi keçirilib.

12 ölkədən 197 nəfər şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş, 2 bürünc medal qazanıblar.

“Ankara məktəbi” məktəb-liseyin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Raul Cəfərli və Sumqayıt şəhəri 23 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Nəsir Bəşirov isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən ARTİ və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 2 qızıl, 13 gümüş və 36 bürünc olmaqla ümumilikdə 51 medal əldə ediblər.