“Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirilib

Tarix: 13.02.2023
Paylaş:

13 fevral 2023-cü tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, şagirdlərdə tənqidi düşüncə, problemi həll etmə, vaxtın idarə edilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək və həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdən ibarətdir.

Müsabiqə dövlət himninin səsləndirilməsi ilə başlayıb və 6 fevral tarixində Türkiyədə baş verən zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Elmi Ekspertiza Komitəsinin sədri, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov  müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. O, mövcud olan 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr haqqında, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. 

Qeyd edək ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486  layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb.  Rüfət Əzizov bu layihələrin şagirdlərin gələcək həyatında uğurlu fəaliyyətinin başlanğıcı olduğunu qeyd edib.

Elm və təhsil naziri cənab Emin Əmrullayev tədbir iştirakçılarını salamlayaraq müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzu edib. O, bildirdi ki, son illər ərzində şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə olan maraq artmaqdadır və müsabiqədə STEAM yönümlü layihələr üstünlük təşkil edir.

AMEA-nın prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. O, Azərbaycan Milli Elmlər Akademiyasında gənc alim və mütəxəssislərin inkişafı üçün zəruri tədbirlərin həyata keçirildiyini, eyni zamanda müsabiqənin genişləndirilməsi və nailiyyətlərinin artmasında Akademiyanın yaxından iştirak etdiyini qeyd edib.

BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə iştirakçılarını təbrik edib və onlara davamlı nailiyyətlər arzulayıb. O gənclərin elm sahəsində ilk addımlarına dəstək verməyin Şirkətin ölkədəki fəaliyyətinin mühim tərkib hissəsi olduğunu vurğulayaraq hər zaman cəmiyyətin davamlı dayanıqlı inkişafı naminə çalışdıqlarını qeyd edib.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənc alimlər üçün təşkil olunan müsabiqənin onların gələcək həyatındakı müstəsna rolundan bəhs edib. O, bildirib ki, bu prosesdə şagirdlərin gündəlik davamlı işləmə həvəsi və məsuliyyətli olması önəmlidir.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, növbəti 2 gün ərzində müsabiqədə şagirdlərin əsasən 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Açılış mərasimində ARTİ-nin, Elm və Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti də iştirak ediblər.